Çexiya yığmasının baş məşqçisi Yaroslav Şilqavı komandanı Avropa çempionatının final mərhələsinə çıxardıqdan sonra vəzifəsindən istefa verib.
Arena.az bu barədə Çexiya Futbol Assosiasiyasına istinadən məlumat verir.
Mütəxəssis Çexiya millisinin 2024-cü il futbol üzrə Avropa çempionatına birbaşa vəsiqə qazanmasından dərhal sonra yığmadan ayrılıb. Çexiya yığması seçmə mərhələnin sonuncu oyununda Moldova yığmasını 3:0 hesabı ilə məğlub edib. 8 turdan sonra çexlar 15 xal toplayıblar və “E” qrupunu 2-ci pillədə başa vurublar. Qrupun qalibi isə çexlərlə eyni miqdarda, 15 xal toplamış Albaniya kollektivi olub.
Şilqavı öz qərınına belə aydınlıq gətirib: “Bütün bu hadisələrdən sonra oyunu idarə etdiklərinə görə uşaqlara təşəkkür etmək istərdim. Biz Avropa çempionatına vəsiqə qazanmaq məqsədimizə nail olduq. İndi xoşbəxt olsaq da, oyundan əvvəl millidə işləməyə davam etməyəcəyimizə qərar vermişdik. Bu barədə federasiya prezidenti Petr Fouskaya məlumat verdim. Təzyiq çox böyük idi, bəzən mən bunu dərk etmirdim. Bu da qərarımıza təsir etdi. Tək mən yox, arxamda bütün komanda var. Əminəm ki, biz öz işimizi gördük və yaxşı nəticələr əldə etdik”.
Xatırladaq ki, əvvəllər millidə köməkçi məşqçi kimi də çalışmış Yaroslav Şilqavı 2018-ci ilin sentyabr ayından Çexiya yığmasında baş məşqçi kimi fəaliyyət göstərirdi. O, bu müddətdə komandanı 56 oyuna çıxarıb. Milli komanda bu oyunlarda 26 qələbə qazanıb, 10 heç-heçə edib və 20 məğlubiyyətə üzülüb.
62 yaşlı mütəxəssis daha öncə “Slaviya” (Praqa), “Dukla” (Praqa), “Baumit Yablonets”, “Slovan” (Liberets), “Dinamo” (Çeşke Budeyovitse), “Viktoriya” (Plzen), “Kladno” kimi komandaların da baş məşqçisi olub.


