Futzal üzrə Azərbaycan çempionatının 19-cu dəfə qalibi olan “Araz-Naxçıvan” baş məşqçi Yevgeni Kukseviç ilə yeni müqavilə bağlayıb.
Arena.az bu barədə Naxçıvan klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, rusiyalı mütəxəssis daha 1 il Azərbaycan çempionunu çalışdıracaq.
Xatırladaq ki, Yevgeni Kukseviç bu ilin yanvar ayından “Araz-Naxçıvan”da çıxış edir. Rusiyalı mütəxəssis Naxçıvan təmsilçisini artıq geridə qalmış mövsümdə Azərbaycan çempionu edib.
Hazırkı heyətlə bağlı da müəyyən qərarlar verilib. Klubdan verilən məlumata görə, legionerlərdən Covanni Valerio ilə yeni anlaşma əldə olunub. Braziliyalı futzalçı da yeni mövsümü “qırmızı-ağlar”ın heyətində keçirəcək. Onunla 1 illik müqavilə imzalanıb. Yerli futzalçılarla bağlı qərar isə iyunun 5-də keçiriləcək Azərbaycan kubokunun final matçından sonra veriləcək. Oyun saat 14:00-da “Olimpik Star”da baş tutacaq.
Qeyd edək ki, dünən qızıl medal və çempionluq kuboku ilə təltif olunan “Araz-Naxçıvan” 2025-2026-cı illər mövsümündə ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək.



