Yüksək Liqa: 2023-cü ilin son oyunları keçirildi

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023-cü ilin son oyunları keçirilib.

Arena.az xəbər verir ki, hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.

Əvvəlcə, “Azərreyl” və “Gəncə” komandaları üz-üzə gəliblər. Cengiz Akarçeşmenin yetirmələrinin üstünlüyü ilə keçən görüşdə “Azərreyl” 3:0 hesabı ilə qələbə qazanıb.

Daha sonra meydana “Milli Aviasiya Akademiyası” və “Murov” komandaları çıxıblar. Bu matç da 3 set davam edib. İlin son oyununda ilk hissədən təşəbbüsə yiyələnən “Murov” üstünlüyünü sonadək qoruyub və 3:0 hesabı ilə qalib gəlib. Bu qarşılaşmalarla həm də 7-ci tura yekun vurulub.

Qeyd edək ki, 7 turdan sonra “Azərreyl” 18 xalla turnir cədvəlinə liderlik edir. Eyni xali olan “Abşeron” isə ikinci yerdədir. “Murov” 15 xalla 3-cü, “Gəncə” 9 xalla 4-cü, “Milli Aviasiya Akademiyası” 3 xalla 5-ci, xalı olmayan UNEC isə sonuncu pillədədir.

Yüksək Liqa
7-ci tur
19 dekabr

“Azərreyl” – “Gəncə” 3:0 (25:21, 25:18, 25:16)

“Milli Aviasiya Akademiyası” – “Murov” 0:3 (13:25, 24:26, 16:25)

Xəbəri sosial şəbəkələrdə paylaş: