Bu gün həm kişilər, həm də qadınlar arasında voleybol üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) növbəti oyunlar keçirilib.
Arena.az xəbər verir ki, qadınların yarışında üç, kişilərin mübarizəsində isə bir qarşılaşma baş tutub.
Günün ilk matçında “Gəncə” doğma meydanda “Milli Aviasiya Akademiyası” komandasını qəbul edib. Meydan sahiblərinin üstünlüyü ilə başlayan görüşdə qonaqlar ikinci setdə qalib gəlməklə ümumi hesabı bərabərləşdiriblər. Lakin “Gəncə” növbəti hissələri aktivinə yazdırmaqla meydandan 3:1 hesablı qələbə ilə ayrılıb.
Turun digər qarşılaşması Azərbaycan Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Abşeron” və “Murov” klubları arasında olub. Gərgin mübarizədə keçən matçda “Abşeron” 3:1 hesabı ilə qələbə qazanıb.
Qadınların mübarizəsində növbəti görüş UNEC-lə “Azərreyl” arasında olub. UNEC-in İdman zalında baş tutan bu oyunda “Azərreyl” 3:0 hesabı ilə qalib gəlib.
Bu gün kişilərin çempionatında isə Şuşa və Laçının eyniadlı təmsilçiləri – “Xarı Bülbül” komandaları qarşılaşıblar. Nazirliyin Voleybol Mərkəzində keçirilən bu matçda Şuşa komandası 3:1 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, qadınların turnir cədvəlində “Abşeron” və “Azərreyl” klubları 15 xalla 1-ci və 2-ci yerlərdə qərarlaşıblar. Hərəyə 9 xal toplayan “Murov” və “Gəncə” 3-cü, 4-cü pillədə yer alıblar. “Milli Aviasiya Akademiyası” 3 xalla 5-ci, xalı olmayan UNEC isə sonuncu pillədədir.
Kişilərin turnir cədvəlində “Xarı Bülbül” (Şuşa) xallarının sayını 13-ə çatdıraraq liderliyi ələ keçirib. “Azərreyl” 11 xalla 2-ci, “Murov” 10 xalla 3-cü, “Neftçi” və “Xarı Bülbül” (Laçın) 4 xalla 4-cü, 5-ci, xalı olmayan MOİK isə 6-cı yerdədir.
Yüksək Liqa
13 dekabr
Qadınlar
“Gəncə” – “Milli Aviasiya Akademiyası” 3:1 (25:16, 22:25, 25:11, 25:10)
“Abşeron” – “Murov” 3:1 (25:20, 25:12, 22:25, 26:24)
UNEC – “Azərreyl” 0:3 (12:25, 16:25, 17:25)
Kişilər
“Xarı Bülbül” (Şuşa) – “Xarı Bülbül” (Laçın) 3:1 (25:18, 19:25, 25:22, 25:22)


