Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün sonuncu oyunu keçirilib.
Arena.az xəbər verir ki, 20-ci turun və mövsümün qapanış matçında lider “Neftçi” ən yaxın izləyicisi “Araz-Naxçıvan”la qarşılaşıb.
Mövsümün başa çatması ilə əlaqədar oyundan əvvəl Azərbaycanın dövlət himni səsləndirilib. 7 qolun qeydə alındığı oyunda qələbə qazanan “Araz-Naxçıvan” “Neftçi” ilə xallarını bərabərləşdirməklə yanaşı, şəxsi oyunlarda üstünlük qazanaraq 20-ci dəfə Azərbaycan çempionu olub.
Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Əvvəlcə oyunun hakimlərinə və hakim-inspektora diplomlar, mövsümün ən məhsuldar oyunçusu Allef Mayolliyə (“Neftçi” İK, 37 qol) isə xatirə hədiyyəsi təqdim olunub. Daha sonra meydana mükafatçı komandalar dəvət olunublar. “Baku Fire” komandasına bürünc, “Neftçi”yə gümüş, “Araz-Naxçıvan”a qızıl və çempionluq kuboku təqdim olunub. Mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abbasov və AFFA-nın baş katibinin müavini Elçin Məmmədov təqdim ediblər.
Yüksək Liqa
20-ci tur
18 may
Neftçi İK – Araz-Naxçıvan 2:5
Qollar: Markus Vinisius, 6:26. Jan Peruzzo, 17:28-öz qapısına – Luicci Lonqo, 18:29; 37:21. Teyşeyra Barbosa, 22:26. Alleks Rezende, 27:43. Peruzzo, 32:41.
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, İmran Məhərrəmov.
Ehtiyat hakim: Hidayət Feyzullayev.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı İdman Sarayı. Saat 19:00.
Xallar: Araz-Naxçıvan – 52. Neftçi İK – 52. Baku Fire – 38. Şuşa – 21. U-19 – 15. Lənkəran – 0.
Bombardirlər: Allef Mayolli (“Neftçi” İK) – 37. Yaqo Henrike (“Neftçi” İK) – 26. Sadeq Caviditavar (“Şuşa”) – 24. Ədalət Ələkbərov (“Araz-Naxçıvan”) – 23 qol.


