Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində əvvəlcə “Xarı Bülbül” (Şuşa) və “Azərreyl” komandaları üz-üzə gəliblər.
Gərgin keçən matçın qalibi 4 setdə müəyyən olunub. İlk hissədə “Xarı bülbül” qalib gəlsə də, “Azərreyl” növbəti hissəni aktivinə yazmaqla ümumi hesabı bərabərləşdirib. Lakin Şuşa təmsilçisi yenidən təşəbbüsü ələ keçirib və sonrakı setlərdə də qələbə qazanıb – 3:1.
Günün ikinci oyunu isə MOİK və “Murov” komandaları arasında olub. “Murov”un idman zalında baş tutan qarşılaşmada Fərid Cəlalovun yetirmələri 3:0 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, xallarının sayını 9-a çatdıran “Xarı Bülbül” (Şuşa) turnir cədvəlində liderliyi ələ keçirib. Hərəyə 8 xal toplayan “Azərreyl” və “Murov” 2-ci və 3-cü yerdə qərarlaşıblar. “Xarı Bülbül” (Laçın) və “Neftçi” 4 xalla 4-cü və 5-ci pillələri bölüşürlər. Sonuncu yerdə olan MOİK-in isə xalı yoxdur.
“Xarı Bülbül” (Şuşa) – “Azərreyl” 3:1 (25:17, 22:25, 25:19, 25:16)
MOİK – “Murov” 0:3 (17:25; 13:25; 17:25)


