Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.
İlk olaraq meydançaya “Murov” və “Xarı Bülbül” (Şuşa) komandaları çıxıb. Oyuna üstün başlayan Şuşa təmsilçisi ilk hissəni qalib başa vursa da, “Murov” ümumi hesabı bərabərləşdirə bilib. Növbəti setlərdə də tərəflər hərəyə bir dəfə fərqlənib və matçın qalibi tay-brekdə müəyyən olunub. Gərgin keçən bu oyunun sonunda 3:2 hesabı ilə “Murov” komandası qələbə qazanıb.
Günün ikinci matçında “Azərreyl” komandası “Xarı Bülbül”lə (Laçın) üz-üzə gəlib. Gərgin keçən ilk setdə qalib gələn “Azərreyl” sonrakı hissələri də öz xeyrinə yekunlaşdırıb. Beləliklə, 3:0 hesabı ilə qələbə qazanan Boris Qrebennikovun yetirmələri 11 xalla turnir cədvəlində liderliyə yüksəliblər.
Qeyd edək ki, liderliyi ələ keçirən “Azərreyl”in 11 xalı var. “Xarı Bülbül” (Şuşa) və “Murov” 10 xalla ikinci və üçüncü yerləri bölüşürlər. “Xarı Bülbül” (Laçın) və “Neftçi” 4 xalla 4-cü və 5-ci pillələrdə qərarlaşıblar. Sonuncu yerdə olan MOİK-in isə xalı yoxdur.
Yüksək Liqa (kişilər)
10 dekabr
“Murov” – “Xarı Bülbül (Şuşa) 3:2 (22:25, 25:22, 19:25, 25:16, 16:14)
“Azərreyl” – “Xarı Bülbül” (Laçın) 3:0 (26:24, 25:20, 25:20)


