“Ayaks”ın və Niderland yığmasının müdafiəçisi Yurrien Timber İngiltərənin “Arsenal” klubuna transfer olunub.
Arena.az bu barədə London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
“Topçular” bu transferə görə Amsterdam klubuna 40 milyon avro ödəyiblər. Niderland nəhəngi bonuslarla daha 5 milyon avro qazana bilər. “Arsenal” 22 yaşlı futbolçu ilə uzunmüddəti müqavilə imzalandığını bəyan edib, amma dəqiq müddəti açıqlamaq istəməyib. Müdafiəçinin yeni komandasında 12 nömrəli formanı geyinəcəyi bildirilir.
2022/2023 mövsümündə Timber “Ayaks”ın heyətində 47 oyuna çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə edib. Onun “Ayaks”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər idi. Müdafiəçi bu komandada bütövlükdə 121 oyuna çıxıb, 6 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub. O, Niderland yığmasında da 15 oyun keçirib.


