Zaur Həşimov: “Bu heyətlə hədəflərimizə çata bilərik”

“Şəfa”nın baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşü “Şəfa”nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Zaur Həşimov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Şükürlər olsun, ilk 3 xalımızı qazandıq. Özü də bunu Qəbələ səfərində bacardıq. Hamımız bilirik ki, burada oynamaq asan deyil. Rəqib də yaxşı komandadır. Hava şəraiti futbolçular üçün müəyyən çətinlik yaradırdı. Amma uşaqlar bütün çətinliklərin öhdəsindən gəldilər. Düzdür, zaman-zaman üstünlüyü rəqibə verirdik. Bu, normaldır. Bütün 90 dəqiqə ərzində üstünlüyün yalnız bir komandada olması mümkün deyil. Özümüz də qol epizodları yaratdıq, rəqibin də şansları oldu. Nəticədən və futbolçularımın oyunundan çox razı qaldım. Bu qələbəni “Şəfa” rəhbərliyinə və bizi dəstəkləmək üçün Qəbələyə gələn azarkeşlərimizə həsr edirik.

Bu mövsüm qarşımıza qoyulan əsas məqsəd Premyer Liqada qalmaqdır. Komandamız gəncdir, bir neçə ildən sonra yenidən elitaya qayıtmışıq. Amma indiki “Şəfa” ilə 26 il əvvəlki “Şəfa” arasında müqayisə aparmaq düzgün olmaz. Daha da yaxşı olmalı, güclənməliyik. İnanıram ki, bu heyətlə qarşımıza qoyulan minimum hədəfə çata biləcəyik”.

Zaur Həşimov yeni transfer gözlənilmədiyini də bildirib:

“Transfer məsələsini bağlamışıq. Güclənmək deyəndə, komandanın öz inkişafını nəzərdə tuturam. Məsələn, Luis Felipe cəmi üç həftədir ki, bizimlədir. Elə futbolçular var ki, birlikdə ikinci oyunlarını keçirirlər. Futbolçuların həm fiziki baxımdan daha yaxşı vəziyyətə gəlməsi, həm də bir-birini daha yaxşı anlaması lazımdır. Yeni transfer gözlənilmir. Heyətimizdə 90 dəqiqə problemsiz oynaya bilən futbolçular da var, hazırlığı hələ istədiyimiz səviyyədə olmayanlar da. Əvəzetmələri və digər detalları əvvəlcədən nəzərə alaraq balansı qorumağa çalışdıq”.

Sxadadze: “Azarkeşlər məni istefaya çağırmaq hüququna malikdirlər”

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze isə komandasının məğlubiyyəti barədə bunları dilə gətirib:

“Nəticə çox pis oldu. Öz azarkeşlərimiz önündə məğlubiyyətlə üzləşdik və təbii ki, bunda hər birimizin günahı var. Rəqib yeganə ciddi qol imkanından istifadə etdi. Bizim də imkanlarımız oldu, amma onlardan yararlana bilmədik.

Oyun keyfiyyəti baxımdan da istədiyimiz səviyyədə deyildik. Bəzən mərkəzdə çox top itirirdik, ötürmələrdə isə ləng hərəkət edirdik. Bu top itkilərindən sonra rəqib 15-20 dəqiqə ərzində qapımız önündə əks-hücumlar yaradırdı. Görünür, bəzi futbolçular hələ də onlardan nə tələb etdiyimizi tam başa düşmür. Bəziləri isə, görünür, hansı səviyyəli çempionatda çıxış etdiklərini hələ dərk etmirlər. Halbuki Azərbaycan Premyer Liqası xeyli inkişaf edib.

Qələbə qazanmaq üçün kifayət qədər qol epizodu yaratdıq, amma onlardan istifadə edə bilmədik. Keyfiyyətimizi artırmalıyıq. Ötən mövsümdəki kombinasiyalı futbolumuz hazırda yoxdur. İndiki halda daha çox cinah ötürmələri hesabına təhlükəli olmağa çalışırıq.

Ümid edirik ki, iki hücumçu ilə oyun gələcəkdə öz bəhrəsini verəcək. Düzdür, onlar rəqibin müdafiəsi üçün müəyyən gərginlik yaradırdılar. İkisinin birlikdə təxminən dörd qol epizodu oldu, amma onlardan istifadə edə bilmədik.

Oyunu elə qurmuşduq ki, cinahlardan iki mərkəz hücumçusuna ötürmələr gəlsin və onlar bu imkanlardan yararlansınlar. Təəssüf ki, istədiyimiz alınmadı. Azarkeşlər hər məğlubiyyətdən sonra məni istefaya çağırmaq hüququna malikdirlər”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: