“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “qırmızı şeytanlar”ın son vaxtlar uğursuzluğu mənzərəsində möhtəşəm rekorda imza atıb.
Arena.az “Squawka” dərgisinə istinadən məlumat verir ki, Ten Haq, “Mançester Yunayted”in Premyer Liqanın 12-ci turu çərçivəsində “Luton Taun” üzərində qələbə qazanması ilə (1:0), “qırmızı şeytanlar”ın sükanı arxasında şəxsi rekordunu müəyyənləşdirib.
Belə ki, holland mütəxəssis “Mançester Yunayted”i çalışdırdığı müddətdə Premyer Liqanın ilk 50 oyununda 30 qələbə qazanmış ilk məşqçi olub.
Hazırda “Mançester Yunayted” 12 turdan 21 xalla Premyer Liqanın 6-cı pilləsində qərarlaşıb.
Maraqlıdır ki, “Mançester Yunayted”in işləri heç də qaydasında getmir və mankunianlar mübarizə apardığı bütün cəbhələrdə mövsümöncəsi gözləntilərin əksinə olaraq, uğursuzluğa düçar olublar. Bu mənzərədə Erik ten Haqın nəticəsi rəqəmlərin gözü ilə məntiqli görünsə də, gerçək tamamilə fərqlidir.
Holland mütəxəssis “Mançester Yunayted”in 2022-ci ilin iyulundan çalışdırır. 53 yaşlı mütəxəssisin “qırmızı şeytanlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Geridə qalmış 2022/2023 mövsümündə Ten Haq “Mançester Yunayted”ə İngiltərə Liqa Kubokunu qazandırıb.
Erik Ten Haq “Mançester Yunayted”in sükanı arxasında 79 oyunda 50 qələbə qazanıb, 21 oyunda məğlub olub, 8 oyundan isə sülhlə ayrılıb, topların fərqi isə 139:99 nisbətindədir.
Daha əvvəl, məlum olmuşdu ki, uğursuzluğuna rəğmən, “Mançester Yunayted” rəhbərliyi Erik ten Haqla yollanı ayırmaq haqda düşünmür.
Vurğulayaq ki, “Mançester Yunayted”in Çempionlar Liqasında vəziyyəti daha acınacaqlıdır. İngiltərə nəhəngi qitənin ən mötəbər klub turnirində qrup mərhələsinin 4 turundan sonra 3 xalla “A” qrupunun autsayderisdir. “Qırmızı şeytanlar” nəinki Çempionlar Liqasının pley-off mərhələsinə, heç Avropa Liqasına vəsiqə verən qrup üçüncülüyünə düşməyə bilərlər.


