“Zirə” – “Dunayska Streda”: Konfrans və açıq məşqlərin vaxtı bilindi

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Zirə” – “Dunayska Streda” oyunundan öncə mətbuat konfransı və açıq məşq baş tutacaq.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Zirə” – “Dunayska Streda” (Slovakiya) oyunundan əvvəl baş tutacaq mətbuat konfransları və media üçün açıq məşqlərin vaxtı da məlumdur.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov iyulun 24-də “Dalğa Arena”da jurnalistlərin suallarını cavablandıracaq. Mətbuat konfransına saat 18:00-da start veriləcək. Bakı klubunun media üçün açıq məşqi isə “Qarabağ Arena”da təşkil olunacaq və saat 19:00-da başlayacaq.

Slovakiya təmsilçisinin baş məşqçisi Xisko Munyosun mətbuat konfransı iyulun 24-də, saat 19:00-da “Dalğa Arena”da gerçəkləşəcək. Komandanın media üçün açıq məşqi isə 20:00-a planlaşdırılıb.

Hər iki komandanın məşq prosesinin yalnız ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.

Qeyd edək ki, komandalar arasında ilk matç iyulun 25-də Azərbaycanda keçiriləcək. “Dalğa Arena”da baş tutacaq matça saat 20:30-da start veriləcək. Bu komandalar arasındakı cavab qarşılaşması isə bundan bir həftə sonra Slovakiyada baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: