Azərbaycanı Avropa Konfrans Liqasının 2026/2027-ci illər mövsümündə təmsil edən “Zirə” bu gün sözügedən turnirdə növbəti oyununa çıxacaq.
Arena.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda bu turnirin 2-ci təsnifat mərhələsi çərçivəsində “Payde” ilə qarşılaşacaq.
Azərbaycan və Estoniya təmsilçiləri arasındakı ilk görüş Parnu şəhərində keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Qarşılaşmanı moldovalı hakimlər idarə edəcəklər. Oyunun baş hakimi Roman Jitari olacaq. 35 yaşlı FIFA referisinə yan xətt hakimləri Viktor Mardari və Andrey Bodean kömək edəcəklər. Dördüncü hakim funksiyasını Andrey Brequta yerinə yetirəcək.
Cavab görüşü ayın 30-da “Sumqayıt Arena”da baş tutacaq və saat 20:00-da başlayacaq. Təmsilçimiz bu gün səfərdə sərfəli nəticə qazana bilsə, ev oyununda cütün taleyini asanlıqla həll edə bilər.
“Zirə” bu raundda Estoniya təmsilçisini mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə “Santa Koloma” (Andorra) – “Rapid” (Avstriya) cütünün qalibi ilə üz-üzə gələcək.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
23 iyul
20:00. Payde – Zirə
Hakimlər: Roman Jitari, Viktor Mardari, Andrey Bodean, Andrey Brequta (Moldova).
Parnu. “Parnu Rannastaadion”.


