Futbol üzrə Fransa yığmasının və İspaniya çempionu “Barselona”nın sağ cinah vingeri Usman Dembele PSJ-yə keçib.
Arena.az xəbər verir ki, bu barədə Paris klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
26 yaşlı futbolçu ilə 5 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb. Fransız hücumçu Paris təmsilçisində 23 nömrəli formanı geyinəcək. PSJ bu transfer üçün kataloniyalılara 50 milyon avro ödəyəcək.
Xatırladaq ki, Usman Dembele 2017-ci ilin avqust ayından “Barselona”da çıxış edirdi. Kataloniya təmsilçisi həmin vaxt Dortmund “Borussiya”sından aldığı Fransa millisinin üzvü üçün 135 milyon avro ödəmişdi. Dembele İspaniya nəhəngində 185 matça çıxıb, 40 qol vurub, 43 məhsuldar ötürmə müəllifi olub. O, daha əvvəl ölkəsinin “Renn” və Almaniyanın “Borussiya” (Dortmund) klublarının da şərəfini qoruyub. Usman Fransa milli komandasında da 37 oyun keçirib, 4 qolla yadda qalıb.
Yeri gəlmişkən, “Barselona” gənc futbolçusu Estanis Pedrolanı da İtaliyanın “Sampdoriya” klubuna icarəyə göndərib. 19 yaşlı ispan futbolçu qarşıdakı mövsümün sonuna – 2024-cü ilin 30 iyununa kimi icarədə olacaq. Lakin müqavilədə futbolçunun satınalma şərti də nəzərdə tutulub.
Estanis Pedrola “Reus” və “Espanyol” klublarının yetirməsidir. O, “Barselona”ya 2021-ci ilin yayında azad agent kimi cəlb olunub. Sol cinah vingeri Kataloniya təmsilçisinin əsas komandasında cəmi 1 oyuna çıxıb. Buna qədər “Barselona”nın U-19 və gənclərdən ibarət komandalarında oynamış Pedrola, İspaniyanın U-19 milli komandasına da dəvət alır.


