Tofiq Mikayılov: “Birlikdə İsveçlə dueldən qalib ayrılmalıyıq”

Futzal üzrə Azərbaycan milli komandasının üzvü Tofiq Mikayılov federasiyanın mətbuat xidmətinə açıqlama verib.

Arena.az xəbər verir ki, sabah futzal üzrə Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində mübarizəyə başlayacaq.

Final mərhələsinə gedən yolda komandamız İsveçlə gücünü sınayacaq. Bakı İdman Sarayında baş tutacaq və saat 20:00-da başlayacaq matçın hazırlığını bu gün oyunöncəsi məşqlə yekunlaşdıracaq millimizdə əhval-ruhiyyə yaxşıdır. Təcrübəli futzalçı Tofiq Mikayılov Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında komandadakı durumu belə şərh edib:

“Toplanış səmərəli keçir. Həm fiziki, həm də taktiki planda işlər görülür. Komandanın oyuna hazır olması üçün məşqçi-texniki heyət əlindən gələni edir. Rəhbərlik də hazırlaşmaq üçün hər cür şərait yaradıb. Buna qədər də bir neçə yoxlama oyunu keçirdik. Bilirsiniz ki, heyətimizdə gənc futzalçılar az deyil. Həmin matçlar gənclərin beynəlxalq oyun təcrübəsi toplaması, özlərini yaxşı tərəfdən göstərməsi baxımından vacib idi. Biz oyunçular da məsuliyyətimizi dərk edirik. Bilirik ki, bizi ağır oyun gözləyir. Birinci görüşlər hər zaman çətin keçir”.

Futzalçı rəqibin oyununu izlədiklərini, fiziki planda güclü olduqlarını qeyd edib: “İsveç xüsusilə fiziki cəhətdən hazırlıqlı komandadır. Yunanıstanla görüşə komanda olaraq birgə baxdıq. Məşqçimiz də zəif və təhlükəli tərəflərini bizə izah edib. Onlar doğma meydanda uduzublar. Buna görə Bakıda bunun əvəzini çıxmağa çalışacaqlar. Çünki qələbə qazana bilməsələr, mübarizə onlar üçün başa çatmış olacaq”.

Tofiq Mikayılov zədəli futzalçılar və azarkeşlərlə də bağlı danışıb: “Zədəli olduğuna görə kapitan Emin Kürdov və əsas hücumçularımızdan Kənan Manafov kənarda qalıblar. Onlara da tezliklə sağalmağı, növbəti matçda yanımızda olmağı arzulayırıq.

Azarkeşlərə səslənirəm ki, zala gəlsinlər, “6-cı oyunçu” vəzifəsini yerinə yetirsinlər. Yenə deyirəm, görüş bizim üçün çox vacibdir. Birlikdə bu dueldən qalib ayrılmalıyıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: