Futbol üzrə Fransa çempionatında (Liqa 1) mübarizə aparan “Monako” baş məşqçisi Adolf Hütter ilə müqavilənin müddətini uzadıb.
Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.
Avstriyalı mütəxəssislə 2 illik yeni sözləşmə imzalanıb. Hütter yeni müqaviləyə əsasən 2027-ci ilin 30 iyununa kimi bu klubun uğurları üçün çalışmağa davam edəcək. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu mövsümün sonunda bitəcəkdi.
Adolf Hütter 2023-cü ilin iyul ayından “Monako”ya rəhbərlik edir. 54 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 60 oyuna çıxarıb, 35 qələbə, 11 heç-heçə, 14 məğlubiyyət görüb.
Adolf Hütterin komandası cari mövsümdə uğurlu çıxışı ilə diqqət mərkəzindədir. Knyazlıq təmsilçisi Liqa 1 çərçivəsində keçirdiyi 16 oyunda 9 qələbə qazanıb, 3 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. 30 xalı olan “Monako” yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Adi Hütter daha öncə Almaniyanın “Borussiya” (Mönhenqladbax), “Ayntraxt” (Frankfurt), İsveçrənin “Yanq Boyz”, Avstriyanın “Zalsburq”, “Altax” və “Qrödiq” komandalarında da baş məşqçi olub.



