İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente UEFA Millətlər Liqası 1/4 finalının Niderland yığması ilə ilk oyununu (2:2) şərh edib.
Arena.az ispan mütəxəssisin oyunsonrası mətbuat toplantısında səsləndirdiyi müvafiq qənaətini təqdim edir:
“Həmişə qalib gəlmək çox çətindir, xüsusilə belə qüvvətli rəqibə qarşı oyunda. Oyun elə, bizim düşündüyümüz kimi, böyük bərabərliklə inkişaf edirdi. Onların ikinci qolu ciddi təhlükə idi, ancaq biz bu təhlükəni aşa bildik. Oyun ixtiyari tərəfə meyllənə bilərdi, amma biz etdiklərimizdən razıyıq. Hər şey Valensiyada öz həllini tapacaq.
Biz hər iki hissədə 20 dəqiqəlik kəsimi yaxşı keçirdik. Onların fürsətlərinin olması isə tamamilə təbiidir. Niderland yığması – güclü rəqibdir, ələmə mərhələsinin digər oyunlarının nəticələrinə baxmaq kifayətdir”, deyə Luis de la Fuente vurğulayıb.
Komandalar arasındakı cavab oyunu martın 23-də Valensiyada baş tutacaq.


