“Osasuna” klubu İspaniya Kral Futbol Federasiyasına (RFEF) “Barselona”dan şikayət ərizəsi ilə müraciət ünvanlayıb.
Arena.az bu barədə sözügedən klubun rəsmi saytına istinadən məlumat verir.
Pamplona təmsilçisinin şikayəti, İspaniya La Liqasının “Barselona” ilə 27-ci turundan təxirə salınmış səfər oyununda (0:3) “blauqrana”nın heyətində 33 yaşlı ispan müdafiəçi İnyiqo Martinesin oynaması ilə bağlıdır. Xatırladaq ki, Martines bütün oyunu meydanda keçirib. “Osasuna”nın iddiasına görə, Martinesin bu oyunda oynamaq hüququ olmayıb.
“Osasuna” iddiasını əsaslandırır ki, Martines sözügedən oyunda meydana çıxmaqla, FIFA Nizamnaməsinin müvafiq maddəsini pozmuş olub. Belə ki, milli yığma komandanın düşərgəsini tibbi səbəblərdən tərk etmiş futbolçu, beynəlxalq fasilədən sonra öz klubu üçün beş təqvim günündə oyun keçirmək hüququna malik deyil. Vurğulanır ki, bazar ertəsi, martın 17-də İspaniya Kral Futbol Federasiyası İnyiqo Martinesin İspaniya yığmasının düşərgəsindən tibbi səbəblərdən xaric edildiyini bəyan etmişdi.
Xatırladaq ki, İspaniya yığması UEFA Millətlər Liqasının 1/4 finalı çərçivəsində martın 23-də evdə Niderland yığması ilə cavab oyununu keçirib (ilk oyun 2:2; cavab oyunu 3:3, penaltilərlər 5:4). “Barselona” ilə oyun isə martın 27-də baş tutub.
Mətbuatda, “Osasuna”nın 0:3 hesabı ilə məğlub olduğu bu oyunda indi, texniki qələbəyə ümid etdiyi haqda iddialar da var.
28 turdan sonra “Osasuna” 33 xalla İspaniya La Liqasının yarış cədvəlinin 14-cü pilləsində qərarlaşıb. “Barselona” isə 63 xalla La Liqaya başçılıq edir.


