“Real”ın baş məşqçisi Karlo Ançelotti “qaymaqlılar”ın braziliyalı ulduz hücumçusu Vinisius Juniorun son oyunlardakı enişini şərh edib.
Arena.az AS dərgisinə istinadən, italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Bu haqda fikir söyləmək çətindir. Son həftə ərzində baş vermişlər yalnız Vinisiusun səmərəlilik zirvəsinin deyil, bütün komandanın ümumi səviyyəsinin düşməsinə gətirib çıxarıb. Biz həddindən çox qol buraxırıq. Bizə, bu məqamı çözmək gərəkdir, çünki müdafiədəki etibarlılıq çox vacibdir”, deyə Ançelotti vurğulayıb.
Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib.
Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə “Vini” madridlilərin heyətində 43 oyuna çıxıb, 19 qol və 14 məhsuldar ötürmə ilə fərqlənib.
Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi 308 oyun, 104 qol, 82 məhsuldar ötürmədən ibarətdir.
“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.
Vinisius Junior 2019-cu ilin sentyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 39 oyun keçirib, 6 qol vurub və 6 məhsuldar ötürmə verib. Vinisius Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.
“Transfermarkt” 24 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.


