Pedri – La Liqada aprel ayının ən yaxşı oyunçusu!

“Barselona”nın 22 yaşlı ispan mərkəz yarımmüdafiəçisi Pedri aprel ayında İspaniya La Liqasının ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə İspaniya La Liqasının rəsmi saytına istinadən məlumat verir.

İspan futbolçu səsvermədə argentinalı hücumçu Xulian Alvares (“Atletiko”, Madrid), gürcü qapıçı Giorgi Mamardaşvili (“Valensiya”), ispan hücumçu Xavyer Puado (“Espanyol”) və ispan yarımmüdafiəçi Serxi Darderi üstələyib.

22 yaşlı futbolçu aprel ayında La Liqada 4 oyuna çıxıb, məhsudlar fəaliyyəti ilə diqqət çəkməsə də, 33-cü turun “Malyorka” ilə ev oyununda (1:0) oyunun qəhrəmanı seçilib.

Əlavə edək ki, Pedri cari mövsümdə ilk dəfə La Liqada ayın oyunçusu seçilir.

Pedri futbola “Teqeste” klubunda qədəm qoyub, buradan “Xuventud Laquna”ya keçib. Ardınca “Las Palmas”a yol tapmış futbolçu məhz burada təkmilləşib. İspan yarımmüdafiəçi “Barselona”ya elə, “Las Palmas”dan 2020-ci ilin iyulunda icarə müqaviləsinin başa çatması ilə qoşulub. Yarımmüdafiəçinin “blauqrana” ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Pedri “Barselona”nın heyətində 51 oyuna çıxıb, 5 qol vurub və 7 məhsuldar ötürmə verib. Yarımmüdafiəçinin “Barselona” karyerası ümumilikdə 194 oyun, 25 qol və 20 məhsuldar ötürmədən ibarətdir.

Pedri 2021-ci ilin mart ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 32 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Pedrinin qənimətlər muzeyində “Barselona” ilə İspaniya La Liqası çempionluğu (2022/2023), İspaniya Kral Kuboku (2020/2021), İspaniya Super Kuboku (2022/2023, 2024/2025) var. O, həmçinin İspaniya yığması ilə 2024-cü il Avropa çempionatının qalibi olub, eləcə də 2020-ci il Yay Olimpiya Oyunlarının futbol yarışında gümüş medal qazanıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı ispan mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: