Kristiano Ronaldo yenə qənimətsiz qaldı

Futbol üzrə Portuqaliya yığmasının və “Əl-Nəsr”in hücumçu Kristiano Ronaldo cari mövsümü qənimətsiz başa vurmalı olub.

Arena.az xatırladır ki, “Əl-Nəsr” Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümündə çempion olmaq imkanından məhrum olub.

Bununla da “Nəcd cəngavərlər”inin 40 yaşlı portuqal ulduzu və kapitanı növbəti dəfə qənimətsiz qalıb. Ronaldo 2023-cü ilin yanvarında “Əl-Nəsr”ə keçəndən bəri, artıq iki il yarımdır ki, rəsmi yarışlarda qalibiyyətə həsrətdir və qənimətsizdir. Ronaldo “Əl-Nəsr”lə Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb ki, bu da rəsmi yarışlarla müqayisədə böyük uğur sayıla bilməz. Həmçinin “Kriş” Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.

Xatırladaq ki, portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 39 oyuna 33 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 103 oyun, 91 qol və 19 məhsuldar ötürmədən ibarətdir.

Əlavə edək ki, Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümünün 23 qolla ən sərrast qolçusudur. Portuqal ulduzun hesabında 3 məhsuldar ötürmə də var.

Kristiano Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb.

Kristiano Ronaldo Portuqaliya yığmasının heyətində 219 oyuna 136 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: