Lissabon “Sportinq”i 2024/2025-ci illər mövsümünün Portuqaliya Premyer Liqasının qalibi adını qazanaraq, çempionluğunu müdafə edib.
Arena.az məlumat verir ki, “şirlər” çempionluğu yarışın sonucu, 34-cü turunda Gimaraynş “Vitoriya”sı üzərində 2:0 hesablı ev qələbəsi ilə rəsmiləşdiriblər.
Lissabon təmsilçisinin çempionluğuna səfərdə “Braqa”nın öhdəsindən gələ bilməmiş (1:1) “Benfika” da “töhfəsini” verib. Nəticədə “Sportinq” 82 xalla çempion, “Benfika” isə 80 xalla gümüş medalçı olub. “Portu” isə 71 xalla 3-cü yeri tutaraq, bürünc medal qazanıb.
“Sportinq” növbəti mövsümün Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb. “Benfika” isə mötəbər yarışın təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.
“Portu” Avropa Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.
4-cü yeri tutmuş “Braqa” Avropa Liqasının təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.
5-ci yeri tutmuş “Santa-Klara” isə Konfrans Liqasının təsnifat mərləsindən yarışa qatılacaq.
“Farense” və “Boavişta” Portuqaliya Premyer Liqasını tərk ediblər. “AVS Futebol SAD” isə Premyer Liqada yerini qorumaq üçün aşağı dəstənin hələ məlum olacaq təmsilçisi ilə ələmə oyunları keçirəcək.
2024/2025-ci illər mövsümünün Portuqaliya Premyer Liqasının ən sərrast qolçusu çempion “Sportunq”in 26 yaşlı isveçli mərkəz hücumçusu Viktor Dyökereş olub – 39 qol. Həmçinin, “şirlər”in 25 yaşlı portuqal sağ cinah hücumçusu Fransişku Tinkan məhsuldar ötürmələr üzrə ən səmərəli futbolçu olub – 14 məhsuldar ötürmə.


