Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 24-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Keşlə” – “Səbail” oyununda “Keşlə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
“Zirə” – “Sumqayıt” oyununda “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
“Sabah” – “Neftçi” oyununda “Sabah”ın 3 futbolçusu qırmızı vərəqə ilə cəzalandırıldığı üçün klub 4800 manat cərimə olunub. “Sabah”ın futbolçusu Bəhlul Mustafazadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. “Sabah”ın digər futbolçusu Filip İvanoviç qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. “Sabah”ın daha bir futbolçusu – Təmkin Xəlilzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşarkən hakimi təhqir etdiyi üçün 4 oyun cəzalanıb, klubu 3200 manat cərimələnib. “Sabah”ın rəsmi şəxsi Miloş Jevtic barəsində araşdırılma aparılır.
“Neftçi”nin 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. Klubun baş məşqçisi Samir Abasov oyundan sonra dava-dalaşa təhrikedici hərəkətlər etməsinə, aqressivlik göstərməsinə, mətbuat konfrası zamanı hakimin qərarlarını müzakirə etməsinə və qeyri-etik ifadələr işlətməsinə görə 2 oyun cəzalanıb, klubu 4000 manat cərimə olunub.
Azərbaycan Kubokunun yaımfinal mərhələsinin “Keşlə” – “Zirə” oyununda “Zirə” klubu stadiona gələrkən gecikdiyi üçün 800 manat cərimə olunub.


