AFFA baş katibinin müavini Elçin Məmmədov və Hakimlər Komitəsinin rəhbəri Frank De Blekere UEFA tərəfindən növbəti təyinat alıblar.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, onlar UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində ötən gecə keçirilmiş “Fənərbağça” (Türkiyə) – “Benfika” (Portuqaliya) oyununda iş başında olublar. Belə ki, matçın direktoru Elçin Məmmədov, hakim-inspektoru isə Frank De Blekere olub.
Qeyd edək ki, “Fənərbağça” ilə “Benfika” arasındakı ilk qarşılaşmada qalib müəyyənləşməyib. İstanbuldakı görüşdə qapılara qol vurulmayıb. Cütün taleyinə gələn həftə Portuqaliyada keçiriləcək cavab görüşündə aydınlıq gələcək. Qalib tərəf UEFA Çempionlar Liqasının Liqa mərhələsində çıxış edəcək. Məğlub olan komanda isə Avropa Liqasının Liqa mərhələsində mübarizə aparmaq hüququ qazanacaq.


