16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-16) baş məşqçisi Aqil Nəbiyev AFFA-nın rəsmi saytına açıqlama verib.
Arena.az xəbər verir ki, o, rəhbərlik etdiyi kollektivin Qəbələdə keçiriləcək 3-cü MDB Oyunlarına hazırlıqla bağlı fikirlərini bildirib.
Aqil Nəbiyev hədəflərinin bu turniri qalib kimi başa vurmaq olduğunuu deyib:
“Artıq iki gündür komanda ilə bir yerdəyik. Bu ayın əvvəllərində təlim-məşq toplanışında olduq, Gürcüstan yığmasına qarşı yoxlama görüşü keçirdik. MDB Oyunlarında qrupumuzda yer alan Tacikistan və Qırğızıstan keyfiyyətli komandalardır. Aqressivdirlər, meydanda çox qaçmağı, mübarizə aparmağı xoşlayırlar. Buna baxmayaraq, məqsədimiz yaxşı hazırlaşmaq və hər iki matçda qələbə qazanmaq olacaq. Turnir doğma vətənimizdə keçiriləcək. Qələbələrlə və çempionluqla xalqımızı sevindirmək istəyirik. Buna gücümüz, potensialımız çatar.
Zədə ilə əlaqədar bir neçə futbolçunu dəvət edə bilməmişik. Onların əvəzinə yeni oyunçular kollektivə cəlb olunublar. Hədəfimiz finala yüksəlmək və kuboku başımız üzərinə qaldırmaqdır. Arzumuza çatacağımıza inanıram”.
Xatırladaq ki, A qrupunda yer almış U-16 millimiz sentyabrın 27-də Tacikistan, oktyabrın 1-də isə Qırğızıstan yığması ilə qarşılaşacaq. Qrupda birinci yeri tutacaq komanda oktyabrın 4-də final oyununa çıxacaq.


