Aqil Nəbiyev: “Rusiya ilə oyunda azarkeş dəstəyinə ehtiyacımız var”

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-16) baş məşqçisi Aqil Nəbiyev AFFA-nın rəsmi saytına açıqlama verib.

Arena.az xəbər verir ki, U-16 millimiz sabah ölkəmizdə təşkil edilmiş 3-cü MDB Oyunları çərçivəsində Rusiya yığması ilə final görüşünə çıxacaq.

Millimizin baş məşqçisi final oyunu öncəsi AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib. Aqil Nəbiyev komandanın həlledici görüşə hazır olduğunu deyib:

“Turnirə gələrkən məqsədimiz əvvəlcə finala yüksəlmək, ardından çempion olmaq idi. Finala vəsiqə qazanmaqla minimum hədəfə çatmışıq. Sabahkı oyun bizim üçün çox önəmlidir. Komandamız final matçına hazırdır. Rusiya yığmasının qrupda keçirdiyi hər iki oyunu təhlil etmişik, güclü və zəif cəhətlərini bilirik. Nə qədər çətin olsa da, finalda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bunun üçün daha aqressiv, istəkli olmaq lazımdır. Finalda favorit olmur, komandaların şansları yarı-yarıyadır”.

Aqil Nəbiyev azarkeş dəstəyinin finalda həlledici ola biləcəyini vurğulayıb:

“Sabahkı qarşılaşmada komandamızı qələbəyə səsləyəcək azarkeş dəstəyinə ehtiyacımız var. İnanıram ki, azarkeşlərimiz sabah bizim yanımızda olacaqlar. Gənc komandayıq, futbolçulara dəstək, motivasiya lazımdır. Ümid edirəm ki, final görüşünü dolu tribunalar önündə keçirəcəyik”.

Sabah – oktyabrın 4-də Qəbələ şəhər stadionunda keçiriləcək Azərbaycan – Rusiya matçına saat 14:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: