Aqil Nəbiyev: “Komandamla qürur duyuram”

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-16) baş məşqçisi Aqil Nəbiyev AFFA-nın rəsmi saytına açıqlama verib.

Arena.az xəbər verir ki, U-16 millimiz bu gün ölkəmizdə təşkil edilmiş 3-cü MDB Oyunlarının finalında Rusiya yığması ilə qarşılaşıb.

2:3 hesabıyla uduzmuş millimiz MDB Oyunlarının gümüş medallarına layiq görülüb. Matçdan sonra Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyev, eləcə də milli komandanın futbolçusu Əli Bəşirov Qəbələdə keçirilmiş həlledici oyunla bağlı fikirlərini bölüşüblər.

Nəbiyev komandanın güclü rəqibə qarşı layiqli mübarizə apardığını söyləyib:

“Rəqibin bu turnirdəki ilk iki oyununu təhlil etmişdik. Bu gün taktiki cəhətdən istədiyimiz hər şey birinci hissədə uğurlu alındı. Fasilədən sonra da ardıcıl iki qol vurduq. Ancaq futbolçularımızın fiziki durumla bağlı problemi matçın sonlarında öz təsirini göstərdi. Millidə onlara fiziki yükləmə verə bilmirik. Çünki buna vaxtımız olmur. Bu gün də ikinci hissənin ortalarından etibarən komandada eniş yaşandı. Rusiya yığması keyfiyyətli futbolçulardan formalaşan kollektivdir. Təbii ki, 2:0 hesabı ilə önə keçdikdən sonra məğlub olmaq üzücüdür. Buna baxmayaraq, komandamla qürur duyuram. Matçın böyük hissəsində daha aqressiv, istəkli olan tərəf biz idik. Bu komanda ilə gələcəkdə daha böyük işlər görəcəyimizə inanıram”.

Bəşirov isə məğlubiyyətə görə məyus olduqlarını deyib:

“Rusiya yığmasının keyfiyyətli rəqib olduğunu bilirdik. Lakin bu gün biz daha yaxşı çıxış etdik, gözəl oyun sərgilədik. 2:0 hesabı ilə önə keçdikdən sonra 3 qol buraxmaq üzücüdür. Buna baxmayaraq, komandamızla fəxr edirik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: