ABL: 2025/26 mövsümünün ilk turuna yekun vuruldu

Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 1-ci turunun oyunlarına bu gün yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Ordu” “Naxçıvan”la üz-üzə gəlib. Bakı İdman Sarayında keçirilmiş qarşılaşma “Ordu”nun qələbəsi ilə yekunlaşıb – 79:69.

İlk turun daha əvvəl keçirilmiş digər oyunlarında “Sabah” “Neftçi”ni (86:75), “Abşeron Lions” “Şəki”ni (91:80), “Gəncə” NTD-ni (90:85), “Lənkəran” “Sumqayıt”ı (93:82), “Quba” isə “Sərhədçi”ni (98:76) məğlub etmişdi.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının (ABL) çempionu olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: