Florian Toven – Liqa 1-də sentyabrın ən yaxşı oyunçusu!

Fransa milli komandasının və “Lans” klubunun cinah hücumçusu Florian Toven Liqa 1-də sentyabrın ən yaxşı oyunçusu elan edilib.

Arena.az xəbər verir ki, bu barədə Liqa 1-in mətbuat xidməti məlumat yayıb.

32 yaşlı vinger sentyabrda Fransa çempionatında 3 oyunda iştirak edib və 1 qol vurub. Onun sabit çıxışı “Lans”ın mövsümə inamlı davam etməsində mühüm rol oynayıb. Tovenin komandası hazırda Liqa 1-də 13 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Tovevn cari mövsümdə ümumilikdə 7 qarşılaşmada meydana çıxıb, 2 qol vurub.

Xatırladaq ki, Liqa 1-də cari mövsümün ilk mükafatçısı “Paris”in futbolçusu İlan Kebbal olmuşdu. O, avqust ayının ən yaxşı oyunçusu elan edilmişdi.

Florian Toven “Lans”a bu ilin yayında “Udineze”dən tamhüquqlu əsasda keçib. Onun Fransa klubu ilə 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var. Bu keçid “Lans”a 6 milyon avro məbləğ müqabilində başa gəlib.

Florian Toven “Qrenobl”ın məzunudur. Hücumçu, karyerası ərzində “Bastiya”, Marsel “Olimpik”i, “Nyukasl”, “UANL Tiqres” və “Udineze”də çıxış edib.

Toven 2017-ci ilin iyun ayında debüt etdiyi Fransa yığmasının heyətində 11 oyuna 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 32 yaşlı fransız hücumçunun transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: