Bakıda zədələnmiş Romeo Laviya ən azı 1 ay oynamayacaq

Belçika yığmasının və “Çelsi”nin dayaq yarımmüdafiəçisi Romeo Laviya zədə səbəbindən azı bir ay komandasına kömək edə bilməyəcək.

Arena.az bu barədə London klubunun rəsmi saytına istinadən xəbər verir.

Belə ki, “Çelsi”nin tibb xidməti dayaq yarımmüdafiəçisi Romeo Laviyanın ən azı 1 ay müddətinə sıradan çıxdığını açıqlayıb. UEFA Çempionlar Liqasında “Qarabağ”a qarşı Bakıda keçirilmiş oyunun (2:2) ilk dəqiqələrində ombasının dördbaşlı əzələsini zədələmiş “zadəganlar”ın 21 yaşlı belçikalı futbolçusu hazırda müalicə-bərpa mərhələsindən keçir.

Müvafiq müddət başa çatdıqdan sonra, gənc futbolçu təkrar tibbi müayinəyə salınacaq və həkimlərin yekun rəyindən asılı olaraq, növbəti tövsiyələrə əməl edəcək.

Xatırladaq ki, Laviya “Çelsi”yə 2023-cü ilin avqust ayında “Sauthempton”dan 62,1 milyon avroya transfer edilib. Onun “zadəganlar”la müqaviləsinin müddəti 2030-cu ilin 30 iyununa qədərdir. Belçikalı oyunçu bu mövsüm “Çelsi”nin heyətində cəmi 7 oyuna çıxıb və məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Onun “zadəganlar”ın heyətindəki ümumi göstəricisi belədir – 30 oyun və 1 assist.

Romeo Laviya Belçikanın “Anderlext” klubunun yetirməsidir. O, 2020-ci ildə İngiltərənin “Mançester Siti” klubuna cəlb olunub. 2022-ci ilin yayında isə “Sauthempton” yarımmüdafiəçini “Mançester Siti”dən 22,26 milyon avroya transfer edib və xeyli bahasına sonradan “Çelsi”yə satıb.

Belçikanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Romeo, əsas millidə 2023-cü ilin mart ayında debüt edib. O, yığma komandada da cəmi 1 matç keçirib və 10 dəqiqə meydanda olub.

“Transfermarkt” internet-portalı 21 yaşlı belçikalı yarımmüdafiəçinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: