Jeremi Doku: “Hər şeyin özümüzdən asılı olduğunu bilirik”

“Maneçster Siti”nin belçlikalı cinah hücumçusu Jeremi Doku “şəhərlilər”in, rəqiblərinə fikir vermədən öz oyununa kökləndiyini bildirib.

Arena.az belçikalı futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Biz öz üzərimizdə çalışırıq və daha da yaxşı ola bilərik. “Arsenal” və digər komandalara baxmırıq. Çünki son nəticədə, hər şeyin özümüzdən asılı olduğunu bilirik”, deyə Doku vurğulayıb.

Xatırladaq ki, “Mançester Siti” İngiltərə Premyer Liqasının cari mövsümündə 11 oyuna topladığı 22 xalla 2-ci pillədə qərarlaşıb. “Şəhərlilər” lider “Arsenal”dan 4 xal geri qalırlar.

Jeremi Doku Belçikanın “Beersxot” və “Anderlext” klublarının yetirməsidir. O, 2020-ci ildə 26 milyon avro müqabilində “Anderlext”dən Fransanın “Renn” klubuna keçib. “Mançester Siti” onu 2023-cü ilin yayında “Renn”dən 60 milyon avro qarşılığında transfer edib. Dokunun “şəhərlilər”lə 2028-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Doku cari mövsümdə meydana çıxdığı 16 oyunda 3 qol və 4 assistlə yadda qalıb. Onun “Mançester Siti”nin heyətindəki ümumi göstəriciləri isə belədir: 100 oyun, 17 qol və 24 assist.

Doku 2020-ci ilin sentyabrında debüt etdiyi Belçika yığmasının heyətində 37 oyun keçirib, 5 qol vurub, 13 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı müdafiəçinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: