Valentin Kastelyanos gəldi, Luis Gilyerme satıldı

Argentina millisinin və İtaliyanın “Latsio” klubunun hücumçusu Valentin Kastelyanos İngiltərə təmsilçisi “Vest Hem”ə transfer edilib.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçu ilə 4 il yarımlıq (2030-cu ilin 30 iyununadək) müqavilə bağlanıb. Sözləşmədə yer alan bəndə əsasən, müqavilənin müddətini daha bir il uzatmaq olar.

Valentin Kastelyanos 2023-cü ildən “Latsio”da çıxış edirdi. O, bu müddət ərzində sözügedən komandanın heyətində 98 oyuna çıxıb, 22 qol vurub, 16 məhsuldar ötürmə verib.

Kastelyanos daha öncə Amerika Birləşmiş Ştatlarının “Nyu-York Siti”, İspaniyanın “Jirona”, Çilinin “Universidad de Çili”, Uruqvayın “Torke” klublarında da forma geyinib.

27 yaşlı hücumçu 2024-cü ildə debüt etdiyi Argentina yığmasının heyətində cəmi 2 oyun keçirib, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

“Vest Hem”in öz hücumçusu Luis Gilyerme isə Lissabon “Sportinq”inə (Portuqaliya) transfer olunub. 19 yaşlı braziliyalı futbolçu yeni klubu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalayıb. O, yeni klubunda 31 nömrəli forma ilə çıxış edəcək.

Luis Gilyerme 2024-cü ildən “Vest Hem”in formasını geyinirdi. O, Premyer Liqa təmsilçisinin əsas komandasının heyətində 18 oyun keçirib.

Xəbəri paylaş: