Klopp: “Mən “Liverpul”a gələndə, heç kim komandanı bəyənmirdi”

İngiltərənin “Liverpul” komandasının keçmiş baş məşqçisi, almaniyalı mütəxəssis Yurgen Klopp “qırmızılar”la bağlı xatirəsini paylaşıb.

Arena.az təcrübəli mütəxəssisin müvafiq xatirəsini təqdim edir:

“Mən “Lverpul”a gələndə, heç kimə oyunçular xoş gəlmirdi. Heç kim komandanı bəyənmirdi. Hətta “Liverpul” futbolçularının özlərinə belə, komanda xoş gəlmirdi! Amma mən fərqli fikirdə idim”.

Xatırladaq ki, Yurgen Klopp son iş yeri olan “Liverpul”un sükanı arxasına 2015-ci il oktyabrın 8-də gəlib, 2024-cü ilin yayında isə komandadan ayrılıb. Bu müddət ərzində alman mütəxəssis “qırmızılar”la 8 kubok qazanıb. Klopun rəhbərliyi altında “Liverpul” İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu, İngiltərə Liqa Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazanıb. Ən əsası isə alman mütəxəssis “Liverpul”u İngiltərə futbolunda itirdiyi mövqeyinə qaytarmağı bacarıb.

Klopp “Liverpul”u 489 oyuna çıxarıb. “Qırmızılar” bu oyunlarda 304 qələbə qazanıblar, 100 heç-heçə ediblər, 85 oyunda isə məğlubiyyətə üzülüblər. Topların fərqi isə 1088:550 nisbətindədir.

Alman mütəxəssis daha öncə Dortmund “Borussiya”sında və “Maynts”da, həmçinin “Ayntraxt”ın gənclərdən ibarət komandasında da baş məşqçi olub. Hazırda isə o, “Red Bull”da (“Leypsiq”, “Braqantino”, “Nyu York”, “Omiya”, “Lids” və “Paris” klublarına rəhbərlik edən şirkət) futbol əməliyyatları üzrə dünyəvi rəhbər vəzifəsini yerinə yetirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: