Vinisius Junior – ÇL-də həftənin ən yaxşı oyunçusu!

Madrid “Real”ının (İspaniya) braziliyalı hücumçusu Vinisius Junior UEFA Çempionlar Liqasında (ÇL) həftənin oyunçusu seçilib.

Arena.az bu barədə UEFA-ya istinadən xəbər verir.

Braziliyalı futbolçu azarkeşlərin səsverməsinə əsasən ən yaxşı elan edilib. O, ÇL-in Liqa mərhələsinin 7-ci turunda “Monako”ya keçirdikləri görüşdə (6:1) 1 qol vurub, 3 məhsuldar ötürmə edərək komandasının qələbəsində əsas pay sahibi olub.

Vinisius səsvermədə Robert Navarro (“Atletik”), Robert Levandovski, Fermin Lopes (hər ikisi “Barselona”) və Luis Suarezi (“Sportinq”) qabaqlayıb.

Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib.

Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə “Vini” madridlilərin heyətində 30 oyuna çıxıb, 7 qol və 11 məhsuldar ötürmə ilə fərqlənib.

Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi 352 oyun, 113 qol, 94 məhsuldar ötürmədən ibarətdir.

“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.

Vinisius Junior 2019-cu ilin sentyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 45 oyun keçirib, 8 qol vurub və 7 məhsuldar ötürmə verib. Vinisius Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.

“Transfermarkt” 25 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: