Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti istefa verdi

Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yasir Əl-Mişal millinin DÇ-2026-da uğursuz çıxışından sonra vəzifəsindən istefa verdiyini açıqlayıb.

Arena.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Səudiyyə Ərəbistanı millisi dünya çempionatının qrup mərhələsində Uruqvay (1:1) və Kabo Verde (0:0) yığmaları ilə heç-heçə edib, İspaniyaya isə 0:4 hesabı ilə məğlub olaraq qrupda sonuncu yeri tutub və mübarizəni dayandırıb.

Yasir Əl-Mişal bildirib ki, özü və həmkarları Səudiyyə futbolunun inkişafı və azarkeşlərin gözləntilərini doğrultmaq üçün əllərindən gələni ediblər:

“Ancaq milli komandamızın dünya çempionatının növbəti mərhələsinə yüksələ bilməməsi ümumi ambisiyalarımıza uyğun nəticə deyil. Buna görə tam məsuliyyəti öz üzərimə götürür və yığmamızı daha yüksək pillələrdə görmək istəyən hər kəsdən üzr istəyirəm”, – deyə federasiya prezidenti qeyd edib.

Əl-Mişal hazırkı səlahiyyət müddətinin sonuna qədər fəaliyyətini davam etdirməyəcəyini də açıqlayıb.

“Müəyyən olunmuş prosedur və qaydalara uyğun olaraq yeni idarə heyətinin seçilməsi üçün namizədlərin irəli sürülməsi prosesinə başlayacağıq”, – deyə o əlavə edib.

Qeyd edək ki, Yasir Əl-Mişal 2019-cu ildən Səudiyyə Ərəbistanı Futbol Federasiyasına rəhbərlik edirdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: