Futbol üzrə Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti DÇ-2026-nın 1/16 final mərhələsinə Yaponiyaya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi DÇ-2026-nın 1/16 final mərhələsində Yaponiyanı 2:1 hesabı ilə məğlub edən Braziliya millisi 1/8 finala yüksəlib.
Karlo Ançelotti oyundan sonra fikirlərini bölüşüb. İtaliyalı mütəxəssis komandasının səbirli oynadığını və Neymarı ehtiyatda saxlamasının səbəbini açıqlayıb:
“Səbirimizi itirmədik. Həm meydanda, həm də ehtiyat oyunçular skamyasında kifayət qədər seçimimiz var idi. Yaponiya çox yaxşı təşkilatlanmış və yüksək intensivliklə oynayan çətin rəqibdir. Mən Neymarı əlavə vaxt üçün qoruyurdum. Əgər ikinci qolu vurmasaydıq, onu 105-ci dəqiqədə meydana buraxacaqdım. Komanda yaxşı çıxış etdiyi üçün oyunun strukturunu dəyişmək istəmirdim”.
Ançelotti həmçinin bildirib ki, əsas məqsəd komandanın oyun ritmini pozmamaq idi və bu baxımdan seçdiyi taktika özünü doğruldub.
Yaponiya millisinin baş məşqçisi Hajime Moriyasu isə turnirlə erkən vidalaşdıqlarına görə böyük məyusluq yaşadığını gizlətməyib. Təcrübəli mütəxəssis futbolçularının sona qədər mübarizə apardığını vurğulayıb:
“Turniri pley-offun bu qədər erkən mərhələsində tərk etdiyimiz üçün dərin məyusluq hissi keçirirəm. Futbolçular bu gün meydanda bütün güclərini ortaya qoydular, turnir ərzində də eyni fədakarlığı nümayiş etdirmişdilər. Məşqçilər korpusu da komandaya hər cür dəstəyi vermək üçün yorulmadan çalışdı. Hazırda özümü tamamilə tükənmiş hiss edirəm. Amma bu nəticəni qəbul edib gələcəkdə daha güclü komanda olmaq üçün ondan nəticə çıxarmalıyıq”.
Qeyd edək ki, Yaponiya ilk hissədə hesabı açsa da, ikinci yarıda Kazemiro və Qabriel Martinellinin qolları Braziliyaya 2:1 hesablı əzmkar qələbə qazandırıb. Braziliya 1/8 finalda Kot-d’İvuar – Norveç cütünün qalibi ilə qarşılaşacaq.


