“İmişli”nin 26 yaşlı qapıçısı Hüseynəli Quliyev əyalət klubundan ayrılaraq Premyer Liqanın digər təmsilçisi “Zirə” ilə anlaşıb.
Arena.az bu barədə “Zirə”nin mətbuat xidmətinə istinadən xəbər verir.
Belə ki, sözügedən klub Hüseynəli Quliyevi heyətinə qatıb. Azad agent statusuna malik qapıçı ilə 2 illik müqavilə imzalanıb.
Hüseynəli Quliyev 2025-ci ilin yayından “İmişli”də çıxış edirdi. O, ötən mövsüm bu komandanın heyətində 9 oyuna çıxıb, 8 qol buraxıb, 4 matçda qapısını toxunulmaz saxlayıb.
26 yaşlı futbolçu daha əvvəl “Sumqayıt” və “Səbail”in də formasını geyinib.
“Zirə” daha öncə Amin Seydiyev, Maykon Kleyton, Ayxan Hüseynov və Vieyrinyanı da heyətinə qatmışdı. Eren Aydın, Davit Volkov, Aydın Bayramov Elçin Əlicanov, Enrike Kustodio və Qismət Alıyevlə də yeni müqavilə imzalanmışdı. Ceyhun Nuriyev, Stefan Akka, Eldar Quliyev, Leroy Mikels, Rüfət Abdullazadə, Tyaqo Silva, Anatoli Nuriyev, Ayron Qomis və Rövlan Muradov isə paytaxt klubunu tərk ediblər.


