DÇ-2026-nın finalında fasilə 27 dəqiqə çəkdi, ulduzlar şou göstərdi

Dünya çempionatının (DÇ-2026) finalında İspaniya və Argentina yığmaları arasında keçirilən qarşılaşmanın fasiləsi 27 dəqiqə davam edib.

Arena.az xəbər verir ki, ABŞ-ın Nyu-Cersi ştatının İst-Ratford şəhərindəki “Metlayf” stadionunda baş tutan final görüşünün fasiləsində böyük şou proqramı təşkil olunub.

Əvvəlcə bildirilirdi ki, FIFA final matçlarında fasilə müddətini 15 dəqiqədən 30 dəqiqəyə qədər artırmağı planlaşdırır. Daha sonra isə fasilənin 17 dəqiqədən çox olmayacağı açıqlanmışdı. Lakin yekunda fasilə 27 dəqiqə çəkib.

Şou proqramında dünya şöhrətli sənətçilər iştirak ediblər. Tədbir Madonnanın “Music Inferno” mahnısı ilə başlayıb. Onun çıxışında Braziliya futbolunun dünya çempionları Ronaldinyo və Ronaldo da yer alıblar. Üçlük sonradan meydançaya çıxaraq digər ifaçılara növbə verib.

Daha sonra venesuelalı dirijor Qustavo Dudamel orkestrə rəhbərlik edib. Orkestr “The White Stripes” qrupunun məşhur “Seven Nation Army” mahnısını ifa edib. Həmin anda ekranda Norveç millisinin azarkeşləri və futbolçuları ilə bağlı məşhur görüntülər nümayiş etdirilib.

Cənubi Koreyanın məşhur BTS qrupu “Dynamite” mahnısını səsləndirib. Ardınca məşhur “Ted Lasso” serialının aktyorları – Ceyson Sudeikis və Brendan Hant meydana çıxaraq kanadalı müğənni Castin Biberin çıxışını təqdim ediblər. Biber “Everything Hallelejah” mahnısını ifa edib.

Şounun son hissəsində isə kolumbiyalı ulduz Şakira səhnəyə çıxıb. O, nigeriyalı ifaçı Burna Boy ilə birlikdə 2026-cı il dünya çempionatının qeyri-rəsmi himni hesab olunan “Dai Dai” mahnısını ifa edib.

Şakira çıxışı zamanı parlaq sarı-çəhrayı geyimdə olub. Şou meydançanın üzərinə salınmış xüsusi örtük üzərində keçirilib. Həmin örtükdə müxtəlif dillərdə sözlər yazılıb.

Qeyd edək ki, İspaniya – Argentina final oyunu da planlaşdırıldığından 6 dəqiqə gec başlayıb. Görüşün start fiti Bakı vaxtı ilə 23:06-da səslənib. Qarşılaşmadan əvvəl geniş açılış mərasimi təşkil olunub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: