Aleksey İsayev ÇL zəfərini mərhum bacısına həsr etdi

“Sabah”ın futbolçusu Aleksey İsayev komandasının Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmasını mərhum bacısına həsr edib.

Arena.az xəbər verir ki, Rusiyanın “Çempionat” nəşrinə danışan futbolçu bacısının uzun sürən xəstəlikdən sonra vəfat etdiyini bildirib.

O, bacısının həyatında və futbolçu kimi formalaşmasında böyük rol oynadığını vurğulayıb. İsayev ötən il “Qarabağ”la oyundan əvvəl yaşadığı acı itkini belə xatırlayıb:

“Ötən il “Qarabağ”la oyundan əvvəl başıma böyük faciə gəldi: böyük bacım vəfat etdi. Onkologiya… Dəfn mərasimində iştirak etmək üçün Krasnoyarska uçdum və hazırlığın iki gününü buraxdım. Oyuna qayıtdım, amma ehtiyatda qaldım.

Matçdan əvvəl Qurban Qurbanovla stadionun altındakı otaqda qarşılaşdıq. O, mənə yaxınlaşıb dedi: “Başsağlığımı qəbul et. Allah rəhmət eləsin”. Bu insana böyük hörmətim var. Svetlana ağır xəstə idi. İki il ona kömək etməyə çalışdım, amma təəssüf ki, bacarmadım. Bu qələbəni və Çempionlar Liqasına vəsiqə qazanmağımızı ona həsr etmək istəyirəm”.

Aleksey İsayev onu bacısının böyütdüyünü söyləyib: “Əslində, məni futbola gətirən də o olub. Dekabr ayında, 30 dərəcə şaxtada məni Krasnoyarskdakı idman zalına aparmışdı. Anam bütün həyatı boyu bizi dolandırmaq üçün işləyib. Məni əsasən bacım böyüdüb. Krasnoyarskda Svetlananın iki övladı qalıb – 21 yaşlı qızı və 10 yaşlı oğlu. İndi anam nəvələrini böyüdür, mən isə əlimdən gələn hər cür köməyi edirəm”.

Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda İsrailin “Hapoel” (Beer Şeva) klubunu əlavə vaxtda 5:2 hesabı ilə məğlub edərək turnirin Liqa mərhələsinə yüksəlib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: