Lamin Yamal: “Qızıl top” qol sayına görə verilməməlidir”

“Barselona” və İspaniya millisinin hücumçusu Lamin Yamal 2026-cı ildə “Qızıl top”a namizəd olan 30 futbolçu arasına daxil edilib.

Arena.az xəbər verir ki, 19 yaşlı forvard dünyanın əsas fərdi mükafatının fəlsəfəsi barədə fikirlərini bölüşüb.

Yamalın fikrincə, “Qızıl top” azarkeşlərə xüsusi emosiyalar yaşadan və oyun üslubu ilə digərlərindən seçilən futbolçuya verilməlidir:

“Mənim üçün “Qızıl top” ilin ən yaxşı futbolçusuna təqdim olunan mükafatdır. Amma söhbət unikallıq baxımından ən yaxşıdan gedir. Yəni digərlərindən ciddi şəkildə fərqlənən, meydanda izləməkdən zövq aldığınız və insanların məhz onun oyununa baxmaq üçün televizoru açdığı futbolçudan. Bunun statistika, vurulan qolların sayı və ya başqa göstəricilərlə heç bir əlaqəsi yoxdur. “Qızıl top” ifadəsini eşidəndə ilk olaraq gözümün önünə Lionel Messi və Ronaldinyo gəlir. Onlar digərlərindən seçilir və azarkeşləri ekran qarşısında səmimi şəkildə gülümsədə bilirdilər”.

Lamin Yamal səsvermədə əsas üstünlüyünün nə olduğunu futbol ictimaiyyətinin yaxşı bildiyini söyləyib:

“Düşünürəm ki, futbolla maraqlanan hər kəs bu səsvermədə hansı üstünlüklərimin olduğunu yaxşı başa düşür. Mən sadəcə meydana çıxıram, bundan böyük zövq alıram və istədiyim, bacardığım futbolu oynayıram. Xoşbəxtlikdən, bu vaxta qədər “Barselona” ilə kifayət qədər kubok qazanmışam və ən əsası, milli komanda ilə dünya çempionu olmuşam”.

İspaniyalı futbolçu titullardan daha çox, fərdi oyun üslubunu əsas arqument hesab etdiyini vurğulayıb:

“Kubokları bir kənara qoysaq, mənim ən güclü arqumentim fərdi üslubumdur. Məhz oyun tərzim məni digərlərindən fərqləndirir və ciddi namizəd olmağıma imkan verir. Sonda əsas məsələ də budur. Çünki dünyanın ən yaxşı futbolçusu həmişə komanda yoldaşlarını arxasınca aparır. Komanda qalib gələndə isə onun daxilindəki hər bir futbolçu özünü daha parlaq şəkildə göstərə bilir”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: