Kilian Mbappe: “2017-ci ildə “Liverpul”a keçməyə yaxın idim”

Fransa millisinin və Madrid “Real”ının hücumçusu Kilian Mbappe 2017-ci ildə “Liverpul”a keçidinə dair yeni detalları açıqlayıb.

Arena.az xəbər verir ki, fransalı futbolçu həmin vaxt “Paris Sen-Jermen”ə keçməzdən əvvəl İngiltərə Premyer Liqasına yollanmağa çox yaxın olduğunu bildirib.

Mersisayd klubuna transferin əsas təşəbbüskarı isə onun agenti olan anası Fayza Lamari olub:

“Bəli, vaxtilə “Liverpul”a keçməyə çox yaxın idim. Anam Yurgen Kloppun böyük fanatıdır və buna görə onun üçün İngiltərə variantı prioritet idi. O, mənim “Enfild”ə getməyimi çox istəyirdi. Lakin mən başqa qərar verdim, çünki həmin vaxt doğma şəhərim Parisdə oynamaq istəyirdim. Şəxsiyyət və futbolçu kimi tam formalaşana qədər Fransanı tərk etmək istəmirdim. Amma anam əl çəkmirdi və daim deyirdi: “Liverpul”a keç – bu stadionda oynamaq sənin üçün əsl dəlilik olacaq”.

Mbappe həmin vaxt “Liverpul”un baş məşqçisi olan Yurgen Kloppla şəxsən görüşdüyünü və almaniyalı mütəxəssisin onda böyük təəssürat yaratdığını da bildirib:

“Həmin görüşü hələ də çox yaxşı xatırlayıram. Özəl təyyarədə idik və təyyarə havada dövrə vururdu. Klopp isə mənə uzunmüddətli layihəsini böyük həvəslə təqdim edirdi. Bir məqamda onun sözünü kəsib dedim: “Məni inandırmağınıza heç ehtiyac yoxdur. Siz Yurgen Klopsunuz, “Liverpul” isə möhtəşəm tarixə malik böyük klubdur. Mən sizinlə burada oturmuşamsa, deməli, böyük marağım var. Amma hazırda masamın üzərində heç də az cəlbedici olmayan digər təkliflər də var”.

Qeyd edək ki, Kilian Mbappe böyük futbola “Monako”nun heyətində qədəm qoyub və 2015-2018-ci illərdə bu klubda çıxış edib. Daha sonra PSJ-yə keçən hücumçu Paris klubunun tarixində ən məhsuldar futbolçu olub. Mbappe 2024-cü ilin yayında azad agent kimi Madrid “Real”ına qoşulub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: