Şahmat: Kişilər ermənilərə uduzdu, xanımlar Çexiyanı yendi

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil edilmiş 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər.

Arena.az xəbər verir ki, bu gün Olimpiadada 9-cu turun görüşləri baş tutub.

Azərbaycanın kişi millisi (Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərli) Ermənistan yığmasına 1,5:2,5 hesabı ilə məğlub olub. Məmmədyarov, Muradlı və Süleymanlı heç-heçə edib, Məmmədov isə məğlub olub.

Qadınlardan ibarət Azərbaycan millisi (Ülviyyə Fətəliyeva, Gülnay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova) Çexiya ilə qarşılaşıb və inamlı qələbə qazanıb – 4:0. Beydullayeva, Fətəliyeva, Məmmədzadə və Balacayeva öz partiyalarında qalib gəliblər.

Daha əvvəl Azərbaycanın kişi millisi Mərakeşi (4:0), Filippini (3:1), İsveçrəni (3:1), Argentinanı (2,5:1,5) və Yunanıstanı (3,5:0,5) məğlub edib, Çexiya (2:2), Rumıniya (2:2) və Hindistan (2:2) ilə heç-heçə edib. Qadın millisi isə Qvatemalanı (4:0), Danimarkanı (4:0), İsveçi (2,5:1,5), İngiltərəni (2,5:1,5) və Serbiyanı (3:1) məğlub edib, Argentina ilə heç-heçə edib (2:2), Qazaxıstana (1,5:2,5) və Ermənistana (1,5:2,5) uduzub.

İsveçrə sistemi üzrə keçirilən Ümumdünya Şahmat Olimpiadası 11 turdan ibarət olacaq. Yarışa sentyabrın 27-də yekun vurulacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: