Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil edilmiş 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər.
Arena.az xəbər verir ki, bu gün Olimpiadada 10-cu turun görüşləri baş tutub.
Kişilərdən ibarət Azərbaycan millisi (Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərli) Bolqarıstanla qarşılaşıb və 2,5:1,5 hesabı ilə qələbə qazanıb. Muradlı partiyasını qələbə ilə başa vurub, Məmmədyarov, Səfərli və Süleymanlı isə heç-heçə edib.
Qadınlardan ibarət Azərbaycan millisi (Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova) Sloveniyaya 0,5:3,5 hesabı ilə məğlub olub. Məmmədzadə heç-heçə edib, Fətəliyeva, Beydullayeva və Məmmədova isə məğlub olublar.
Bundan əvvəl kişilərdən ibarət Azərbaycan millisi Mərakeşi (4:0), Filippini (3:1), İsveçrəni (3:1), Argentinanı (2,5:1,5) və Yunanıstanı (3,5:0,5) məğlub edib, Çexiya (2:2), Rumıniya (2:2) və Hindistan (2:2) ilə heç-heçə edib, Ermənistana isə (1,5:2,5) hesabı ilə uduzub.
Qadınlardan ibarət milli komanda isə Qvatemalanı (4:0), Danimarkanı (4:0), İsveçi (2,5:1,5), İngiltərəni (2,5:1,5), Serbiyanı (3:1) və Çexiyanı (4:0) məğlub edib, Argentina ilə (2:2) heç-heçə edib, Qazaxıstana (1,5:2,5) və Ermənistana (1,5:2,5) hesabı ilə məğlub olub.
İsveçrə sistemi üzrə keçirilən Ümumdünya Şahmat Olimpiadası 11 turdan ibarət olacaq. Yarışa sentyabrın 27-də yekun vurulacaq.


