“Barselona” Xulian Alvareslə bağlı cərimədən şikayət edəcək

“Barselona” Xulian Alvareslə aparılan danışıqlara görə tətbiq edilmiş 602 avro məbləğində cərimədən apellyasiya şikayəti verəcək.

Arena.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.

“Atletiko” “Barsa”nı Alvareslə Madrid klubuna yazılı məlumat vermədən danışıqlar aparmaqda ittiham edərək İspaniya Kral Futbol Federasiyasına (RFEF) şikayət edib. Qaydalara əsasən, başqa klubun futbolçusu ilə danışıqlara başlamazdan əvvəl onun hazırkı klubuna yazılı bildiriş göndərilməlidir.

Federasiya pozuntunu yüngül xarakterli hesab edib və “Barselona”nı 602 avro məbləğində cərimələyib. FIFA isə səlahiyyətləri olmadığı üçün işə baxmayıb.

26 yaşlı Xulian Alvares 2024-cü ildən “Atletiko”nun formasını geyinir. Argentinalı hücumçu daha əvvəl “Mançester Siti” və “River Pleyt” klublarında çıxış edib.

Alvares “Mançester Siti”nin heyətində iki dəfə İngiltərə Premyer Liqasının, bir dəfə UEFA Çempionlar Liqasının qalibi olub. O, həmçinin klublararası dünya çempionatını, İngiltərə Kubokunu, İngiltərə Superkubokunu və UEFA Super Kubokunu qazanıb. “River Pleyt”lə isə Argentina çempionluğu və bir sıra digər titullara yiyələnib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: