“Turan” Çempionlar Liqasında əsas mərhələyə yüksəldi!

Azərbaycanın qadın voleybolçulardan ibarət “Turan” komandası Çempionlar Liqasının 2026/2027 mövsümünün əsas mərhələsinə vəsiqə qazanıb.

Arena.az xəbər verir ki, Tovuz təmsilçisi seçmə mərhələnin final raundunda bu gün Bolqarıstanın “Maritsa” komandası ilə cavab oyununa çıxıb.

Ziya Rəcəbovun komandası doğma meydanda rəqibini 3:0 hesabı ilə məğlub edib. Setlər “Turan”ın xeyrinə 25:22, 25:17 və 25:23 hesabları ilə başa çatıb.

İlk görüşdə də bolqarıstanlı rəqibinə 3:0 hesabı ilə qalib gəlmiş Azərbaycan klubu iki oyunun nəticəsinə əsasən Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib.

Tovuz klubu əsas mərhələdə D qrupunda mübarizə aparacaq. “Turan”ın rəqibləri Türkiyənin “Eczacıbaşı”, İtaliyanın “Savino Del Bene” və Serbiyanın “Tent” komandaları olacaq.

Xatırladaq ki, Azərbaycan təmsilçisi ÇL-in təsnifatının əvvəlki mərhələsində Xorvatiyanın “Mladost” komandasını da mübarizədən kənarlaşdırıb. Tovuz klubu ilk oyunda 3:0, cavab qarşılaşmasında isə 3:2 hesablı qələbə qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: