“Sabah”ın futbolçusu Timoteuş Puxaç UEFA Çempionlar Liqasının əsas mərhələsində “Barselona” ilə qarşıdakı oyun barədə danışıb.
Arena.az xəbər verir ki, polşalı müdafiəçi bu barədə “Meczyki”nin “YouTube” kanalına açıqlamasında bildirib.
“Sabah” tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib. Puxaç komandanın bu uğurunda mühüm rol oynayıb və təsnifat mərhələsində 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Bakı təmsilçisi turnirin əsas mərhələsində keçirdiyi 4 oyundan sonra 3 xala malikdir. Komanda “Slaviya”nı məğlub edib, “Mançester Yunayted”, Dortmund “Borussiya”sı və “Vikinq”ə uduzub.
Noyabrın 25-də “Sabah” 5-ci tur çərçivəsində “Barselona”nı qəbul edəcək. Polşalı futbolçu həmin görüşdə Lamin Yamalı qorumaq məsuliyyəti daşıya bilər:
“Çox yaxşıdır, möhtəşəmdir. Görək nə olacaq. Ona bir az fərqli baxıram, çünki o, mənim heyran olduğum futbolçular nəslindən deyil. O, mən özüm oynadığım vaxt futbola gəldi. Ona görə də ona fərqli baxıram, onu ideallaşdırmıram. Əgər bu Lionel Messi olsaydı, oyundan əvvəl oturub əsəbdən titrəyərdim. Lamin isə mən artıq oynayarkən meydana çıxdı və ona görə vəziyyət fərqlidir”.
27 yaşlı futbolçu Yamalın hazırda dünyanın ən yaxşı oyunçularından biri olduğunu da vurğulayıb:
“Düşünürəm ki, Lamin hazırda dünyanın ən yaxşı futbolçularından biridir, bəlkə də TOP-5-dədir. O, çox yaxşıdır. Həm sol, həm də sağ ayağı ilə oynaya bilir. Bu, möhtəşəm təcrübə olacaq”.
Qeyd edək ki, Yamal cari mövsümdə “Barselona”nın heyətində 16 oyunda 13 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.


