Dambrauskas: “Barselona”ya uduzsaq da, çox şey qazandıq”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində “Barselona”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və İspaniya çempionlarının ÇL-in Liqa mərhələsinin 5-ci turu çərçivəsində Bakıda baş tutmuş görüşü meydan sahiblərinin 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Dambrauskas oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Dünən “Barselona” ilə oyunda əlimizdən gələni edəcəyimizi demişdim. Həqiqətən də bunu etdik. Amma görünən odur ki, bu da kifayət etmədi. İlk hissəyə yaxşı başladıq, boşluqlar buraxmamağa çalışırdıq. Onların necə ötürmələr etdiyini, necə sürətli oynadıqlarını gördünüz. Baxanda gözlərim və boynum ağrıyırdı. Müəyyən zamandan sonra başa düşdük ki, boşluqlar yaranır, arxaya gəlməyə çətinlik çəkirik. Daha yaxşısını edə bilərdik. Xüsusən də birinci hissədə. Onu da başa düşürəm ki, oyunçularım yerli liqada vertikal oynayırlar, “Barselona” ilə matçda mərkəzdən irəliləmək olmur. Yerli liqadakı oyun tərzimiz başqa cürdür, burada isə sağ və sol cinahlarla oynamaq lazım idi. Bəlkə də istədiyimiz kimi imkanlar yaratmadıq. Standart vəziyyətləri məşq edirik, yaxşı imkanlarımız oldu. Təəssüf ki, istifadə edə bilmədik. İkini hissədə “Barselona” özünü göstərdi. Onlar məğlubiyyətdən anidən qalib duruma keçir. Bunun baş verməməsinə çalışırdıq. İkinci hissənin əvvəlində 0:3 uduzurduq. Oyunçularıma hörmət edirəm. Onlar mübarizədən qopmadılar, oyun planına sadiq qaldılar, gözəl imkanlarımız oldu.

Düzdür, meydana çıxanda uduzmaq ehtimalını da nəzərə alırıq. Amma biz hər zaman qələbə qazanmaq üçün əlimizdən gələni edirik. Bu gün də inanırdıq ki, standart vəziyyətlərdən yaxşı istifadə edə bilərik. Pozitiv məqamlar var ki, bunları yerli liqada istifadə edə bilərik. Bunu daha ətraflı şəkildə analiz edəcəyik.

Biz bu matçda məğlub olsaq da, əvəzində çox şey qazandıq. Təbii ki, bu barədə səhərədək danışmaq olar. Hazırlıq, mental məqamlar… Oyuna yaxşı başlamışdıq, birinci hissədə rəqibə imkan vermədik. Hiss etdik ki, biz də nəsə bacarırıq. Buna təkcə fiziki tərəfdən baxmamalıyıq, mental tərəfdən də baxmalıyıq. Mental yorğunluğu yaddan çıxarmalı deyilik. Əsas məsələ necə reaksiya verməyimiz idi”.

“O, Azərbaycanın ən yaxşı futbolçularından biridir”

Dambrauskas gənc Xəyal Əliyevin performansından da danışıb:

“Çox gözəl performans göstərdi, yaxşı oynadı. İkinci hissədə oynamasını da planlaşdırırdıq. Bu gün hər kəsin 90 dəqiqə oynamaq imkanı olmaya bilərdi. Çox qaçdı, pressinq etdi. Gözəl hücumlar yaratdı. Düzdür, 1-2 epizodda daha yaxşı oynaya bilərdi. Çünki yaxşı imkanları var idi. Azərbaycanın ən yaxşı futbolçularından biridir. Bu oyunu da fantastik idi. Böyük zədədən qayıdıb. Mövsümün sonuna qədər daha da yaxşı olacaq”.

Litvalı mütəxəssis bu oyunda zədə almış Akim Zedadkanın durumundan da danışıb, həmçinin “Zenit”dən icarəyə götürülmüş Du Keyrosun özünü göstərə bilməməsinə dair suala cavab verib:

“Zedadka ilə bağlı vəziyyətindən nə yerdə olduğunu hələ bilmirəm. Həkimlərlə danışmamışam. Ümidvaram ki, ciddi bir şey yoxdur.

Du Keyrosa gəlincə, istedadı oyunçudur. Komandaya uyğunlaşmağa çalışır. Baxmaq lazımdır ki, nə qədər inkişaf edib. Onun üçün bu prosesə uyğunlaşmaq asan deyil. Oyunçularımız çoxdur. Rotasiyalar edirik. Keyros universal oyunçudur. Bizim üçün də vacib futbolçudur. Daha da təkmilləşəcəyinə inanıram”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: