“Sabah” baş məşqçisi Valdas Dambrauskası Litva Xarici İşlər Nazirliyinin “Diplomatiyanın ulduzu” fəxri nişanını alması münasibətilə təbrik edib.
Arena.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkələrdəki paylaşımında bildirilib:
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Litva Xarici İşlər Nazirliyinin “Litva diplomatiyasının ulduzu” fəxri nişanı ilə təltif edilib. Fəxri mükafatı ona noyabrın 26-da Bakıda Litvanın xarici işlər naziri Kestutis Budris təqdim edib”, – məlumatda qeyd olunub.
Valdas Dambrauskas komandasını UEFA Çempionlar Liqasının əsas mərhələsinə çıxarmış ilk litvalı olub.
“Kestutis Budris ona görülən işlərə və dünya futbol ictimaiyyətində Litvanın tanıdılmasına görə təşəkkür edib. Valdas Dambrauskası bu fəxri mükafat münasibətilə təbrik edir və ona uğurlar arzulayırıq!”, – paylaşımda bildirilib.
Qeyd edək ki, “Litva diplomatiyasının ulduzu” – Litva Xarici İşlər Nazirliyinin 2010-cu ildə təsis etdiyi fəxri nişandır. Bu nişan dövlətlərarası münasibətlərin inkişafı, Litvanın maraqlarının qorunmasına və ölkənin xaricdə tanıdılmasında xidməti olan şəxslərə verilir.
Kestutis Budris hazırda Azərbaycanda rəsmi səfərdədir. O, ötən gecə Bakı Olimpiya Stadionunda keçirilmiş “Sabah” – “Barselona” matçını da azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə tribunadan izləyib.


