“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, doğma meydanda 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Azarkeşlərimizə göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Bu gün bütöv kollektiv gördüm. Bilirdim ki, rəqib ötən turdakı məğlubiyyətdən sonra qələbəyə oynayacaq. Yaxşı qələbə qazandıq. Ancaq bizi uzun marafon gözləyir.
Rəhim Sadıxovu buraya böyük ümidlərlə gətirmişdim. Rəhimin millidə də aparıcı simaya çevriləcəyinə inanıram. O, ötən mövsüm də bir sıra həlledici matçlarda ön plana çıxıb. Ancaq bizim oyunumuz bir tək onun üzərində qurulmayıb. Bütün hallarda Rəhimə güvənirik.
Onunla yanaşı Azərbaycan millisinin toplanışına gedəcək bütün futbolçulara uğurlar arzulayıram. Futbolçularıma bu iki qələbəni unutmalı olduğumuzu bildirdim. Çempionatdakı fasilədən sonra qalib gələ və ya uduza da bilərik.
İlk turla müqayisədə heyətdə bəzi dəyişikliklər etmişdik. Udsaq da, uduzsaq da, dəyişikliklər edə bilərik. Rotasiyalar rəqibə uyğun edilir.
Rüfət Abdullazadə komandadan ayrılan Xəyal Nəcəfovdan daha yaxşı futbolçu ola bilər. Ölkədə çox az futbolçu var ki, oyunu rəqib cərimə meydançasında üzərinə götürür”.


