Futbol üzrə Əlcəzair yığmasının yarımmüdafiəçisi Nabil Bentaleb özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu bundan sonra Fransanın “Anje” klubunun uğurları üçün çalışacaq.
Yarımmüdafiəçi Liqa 1 təmsilçisi ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalayıb.
Nabil Bentaleb son olaraq Almaniyanın “Şalke” komandasında çıxış edib. O, Almaniya klubundan ayrılandan – 2021-ci ilin yayından bəri azad agent statusu daşıyırdı.
Bentaleb peşəkar karyerasına İngiltərənin “Tottenhem” komandasında başlayıb. 2016-cı ildən isə o, “Şalke”də çıxış edirdi. 2020-ci ildə yarımmüdafiəçi İngiltərənin “Nyukasl” komandasında icarədə də oynayıb. Əlcəzair yığmasında 35 matça çıxan futbolçu 5 qol vurub.


