“Keşlə” “Tottenhem”in sabiq üzvü ilə müqavilə bağladı

“Keşlə” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt klubu yarımmüdafiəçi Natan Oduvanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasındakı müqaviləyə əsasən, 25 yaşlı futbolçu bu mövsümün sonunadək “Keşlə”nin uğurları üçün çalışacaq.

İngiltərənin “Tottenhem” klubunun yetirməsi olan Oduvanın son iş yeri İrlandiyanın “Dandolk” komandası olub. Həm İngiltərə, həm də Nigeriya vətəndaşlığı olan Natan, karyerası ərzində “Luton Taun”, “Reyncers”, “Kolçester Yunayted”, “Piterboro Yunayted”, “Olimpiya” (Lyublyana), “Vayle” və “Hapoel” (Hadera) klublarında da oynayıb. İngiltərənin aşağı yaşı qruplarında oynamış futbolçu, Nigeriyanın da U-23 millisinin uğurları üçün çalışıb.

“Keşlə” bu qış fasiləsi dönəmində “Neftçi”dən Fəhmin Muradbəylini icarəyə götürüb və Franko Floresi transfer edib. Oduva sözügedən klubun üçüncü və böyük ehtimalla sonuncu transferidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: